8-ci sərgi · 2027 · 23–26 iyun 2027 · Bakı Ekspo Mərkəzi

Sərgilər 16 iyun 2022

“Partners and Business” Baku 2022 sərgi-konfransı

“Partners and Business” Baku 2022 sərgi-konfransı uğurla keçirildi

İyunun 16-da “Baku Crystal Hall”da start götürən “Partners and Business” Baku 2022 – yerli şirkətlərin tanıtım sərgi-konfransı uğurla başa çatıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Marsol” MMC-nin birgə təşkilatçılığı, “Kapital Bank”ın tərəfdaşlığı ilə keçirilən tədbirdə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələr üzrə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkət məhsul və xidmətlərini təqdim edib.

Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin daha geniş auditoriyaya təqdim olunması, yerli bizneslərin bazarlara çıxış imkanlarının artırılması, tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və yeni biznes əməkdaşlıqlarının qurulması olub.

Tədbir üç gün ərzində böyük marağa səbəb olub və sərgini 20.000-dən çox ziyarətçi izləyib.

Sərgi çərçivəsində dövlət qurumları və sahibkarların iştirakı ilə geniş proqramlı konfrans da təşkil edilib. Konfransda iqtisadiyyat nazirinin müavini

Niyazi Səfərov, KOBİA-nın İdarə Heyətinin sədri

Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri

Mustafa Abbasbəyli, ASK-ın vitse-prezidenti

Vüqar Zeynalov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi

Məmməd Abbasbəyli, “Marsol” MMC-nin sədri

Tural Mustafayev və özəl sektorun müxtəlif nümayəndələri çıxış ediblər.

Konfrans proqramı “Əmək münasibətləri və məşğulluq altsistemi – ƏMAS platforması”nın təqdimatı ilə davam edib. Sonrakı günlərdə tədbir çərçivəsində aşağıdakı mövzularda panel müzakirələri keçirilib:

Dövlətin sahibkarlığın inkişafında mövcud dəstəkləri və perspektivlər

Sahibkarların maliyyə kanallarına çıxış imkanları

Regionlarda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq və investisiya perspektivləri